Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən qədimi məscid əsaslı təmir olunub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
XVII əsrə aid Şah Abbas məscidində əsaslı təmir-bərpa işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində minarə qoyulub, ətraf ərazilər abadlaşdırılıb. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə inyeksiya işləri aparılıb, atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib.
Məscidin daxilində sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunub. Binanın memarlıq üslubuna uyğun olaraq, hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa edilib.
Məsciddə imam üçün otaq, 80 yerlik ehsan zalı, əlavə 70 nəfərlik ibadət zalı, kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları yerləşir.
Bundan əlavə, məscidin ətrafındakı ərazilər də abadlaşdırılıb, Keşlə Şəhidlər xiyabanında təmir işləri görülüb.