Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalındadır.
Teatrın mətbuat xidmətindən Bakuplus.az-a verilən məlumata görə, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilir.
Kuklaçıları bir araya gətirən sənət bayramı 10-16 iyun tarixlərini əhatə edir.
Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Sankt-Peterburq Qubernatorluğunun dəstəyi ilə keçirilir.
Festivalın tamaşa proqramında 8 kukla tamaşası yer alır.
İyunun 13-də kuklaçılarımızın festival üçün hazırladığı "İnnab ağacı" tamaşasının premyerası olub.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunan tamaşa böyük maraqla qarşılanıb.
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib. Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.
Tamaşa haqqımda xoş sözlər deyən, yaradıcı heyəti təbrik edən Demmeni Teatrının baş rejissoru Eduard Qayday festivalın iştirakçı diplomunu kuklaçılara təqdim etdi.