17 iyun Azərbaycanın opera müğənnisi, Xalq artisti Fidan Qasımovanın doğum günüdür.
Qasımova Fidan Əkrəm qızı 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirib, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır.
Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Tamaşaçılar onun ifasında Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mikaela (“Karmen”, J.Bize), Marqarita (“Faust”, Ş.Quno), Mimi, Çio-Çio-san (“Bohema”, “Çio-Çio-san”, C.Puççini), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Sevil (“Sevil”, F.Əmirov) və s. partiyalarını böyük zövqlə dinləyiblər.
Repertuarına Azərbaycan (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları (“Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s.) daxildir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1990-cı ildən prof.). 1992-ci ildən İstanbul Dövlət Konservatoriyasının professorudur.
Xarici ölkələrdə (Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olub. Bir sıra filmlərdə çəkilib. “Şöhrət” ordeni ilə təltif edilib.