Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir. Bəşəriyyətin triumfu ölkəmizdə də rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də faşist Almaniyasının ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etməsi ilə dünya tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücumu ilə başlayan bu dəhşətli müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatıb.
Müharibədə Azərbaycandan 660 min nəfərdən çox şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib.
130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsinin uğurla nəticələnməsində həmvətənlərimizin göstərdiyi şücaətlə yanaşı Azərbaycan nefti də həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçilərinin fədakarlığı sayəsində 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal olunub.