Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi keçirilən iclasda təqsirləndirlən Mehdi Məmmədov ifadə verib.
Təqsirləndirilən bildirib ki, Rusiyada cəza çəkib, Azərbaycana qayıdandan sonra burada “Əhli-beyt” adlı xeyriyyə cəmiyyətinə qoşulub, Əzizə Seyidova ilə də bu cəmiyyət vasitəsilə tanış olub.
O, əlavə edib ki, hadisədən öncə taksi fəaliyyəti ilə məşğul olaraq müştəri apararkən Əzizə ona zəng edib: “Ağlayaraq bildirib ki, evdən mübahisə edərək çıxıb. Pulu olmadığı üçün taksi çağıra bilməyib. Dedim mənim müştərini apardığım yerə taksi sifariş ver, gəlim sizi götürüm. Onunla görüşəndə dedi ki, babası ilə mübahisə edib, rəfiqəsi Xədicənin evində qalmaq istəyir. Yolda dedilər ki, evdə yeməyə heç nə yoxdur. "McDonalds"a sürdüm. Onlar getdi, mən isə maşında gözlədim. Sonra Xədicə mənə yad kimi zəng edərək yüklərinin taksidə qaldığını söylədi. Anladım ki, Əli Seyidli yanlarındadır. Əli telefonu alıb xahiş etdi ki, göndərəcəyi ünvana yüklərini gətirim. Aparanda mənim yad taksi sürücüsü olmadığımı anladı və qısqanaraq məni təhqir etməyə başladı. Leylanın xahişinə görə kim olduğumu söyləmədim. Dedim səninlə görüşəcəm. Evə qayıdaraq olayı Bəxtiyara danışdım".
Təqsirləndirilən əlavə edib ki, onun bu cinayəti törətmək fikri olmayıb və ya sifariş almayıb. Bildirib ki, ilk olaraq Əli onun üstünə bıçaq çəkib: "Əlində bıçaqla üstümə hücum çəkdi. Mən yardım çağırdım. Birinci bıçaq barmağıma girdi. Sonra əlindən almağa çalışarkən digər əlim də kəsildi. Uşaqlar da gəldi və biz əlbəyaxa olmağa başladıq. Mən onun bıçağını götürərək ona vurdum. Elvin də maşından götürdüyü bıçaqla Əlini ayağından vurdu. Bəxtiyar isə bizi kənara çəkməyə çalışdı. Onun bu söhbətlə əlaqəsi olmayıb. Mən Əzizədən nə sifariş almışam, nə də onunla münasibətim olub. O mənim qızım kimidir".
Hakimin Əli Seyidliyə 18 bıçaq zərbəsi vurulması barədə sualına cavab olaraq M.Məmmədov onlardan sadəcə, ikisini xatırladığını deyib.
Məhkəmə prosesi iyulun 1-də davam etdiriləcək.
Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.