5 fevral məşhur xanəndə Əlibaba Məmmədovun doğum günüdür.
Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1949-cu ilin oktyabrından müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb.
1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.
1968-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.
Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. 1963-cü ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri fərmanlarla, həmçinin "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı ilə də təltif olunub.
1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə "Vahid" adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif edilib. 8 fevral 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 10 may 2009-cu ildə qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə Xalq artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.
Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb.
Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə 92 yaşında vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub.