17 fevral görkəmli şair, qəzəlxan Əliağa Vahidin doğum günüdür.
Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülüb və qoyulduğu meydan Əliağa Vahid bağı adını alıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.