Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov doktoranturada təhsil alan şəxslər hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib.
Bakuplus.az xəbər verir ki, o bildirib ki, 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qaydalara əsasən, təhsilə görə müddətdə yaş kateqoriyaları müəyyən edilib.
Sədrəddinov qeyd edib ki, bakalavr təhsilini 24, magistr təhsilini isə 26 yaşına qədər başa vuran şəxslər, bitirmə sənədlərini Dövlət Xidmətinin yerli bölmələrinə təqdim etməlidirlər. Əgər bu şəxslər dərhal ardıcıl olaraq doktoranturaya sənəd verərlərsə, onlara 3 il müddətinə hərbi xidmətdən möhlət hüququ verilir: “Bu 3 il ərzində doktorantura təhsili alan şəxslər elmi işlərini tamamlayaraq doktorluq elmi adını təsdiqləməli və müvafiq sənədi Dövlət Xidmətinə təqdim etməlidirlər. Yalnız bu halda həmin şəxslər hərbi xidmətdən azad olunurlar. Bu yalnız müharibə dövrünə şamil edilir. Yəni həmin şəxslər müharibə dövründə hərbi təlimlərə dəvət olunmurlar.
Əgər doktorant 3 il ərzində elmi işini tamamlamaz və doktorluq elmi adını ala bilməzsə, onun təhsili dondurulur və bir il müddətinə hərbi xidmətə göndərilir. Çünki artıq o, ali təhsilli şəxs sayılır. Hərbi xidmətdən sonra isə həmin şəxs təhsilini davam etdirə bilər”.