Əvvəlki adı “İncəsənət” olan “Nizami” kinoteatrı 1930-cu illərdə məşhur memarlar Mikayıl Useynov və Soltan Dadaşov tərəfindən 28 Aprel (indiki 28 May) və Kirov (indiki Bülbül prospekti) küçələrinin kəsişməsində inşa edilmiş əkiz binalardan biridir.
Kinoteatr üçün ayrılmış bina 1934-cü ildə, AzSSR Qida Sənayesi Xalq Komissarlığının binası isə 1935-ci ildə tikilir. Layihədə antik memarlıq elementləri ilə yanaşı, İntibah dövrünə xas elementlər də mövcuddur.
“İncəsənət” adlandırılan kinoteatr Azərbaycanın sovetləşməsinin 20 illiyi ərəfəsində, 1 fevral 1940-cı ildə istismara verilib. Lakin kinoteatrda ilk nümayiş 25 dekabr 1939-cu ildə baş tutub, rejissor Viktor Eysımontun “Lenfilm” kinostudiyasında çəkdiyi “Dördüncü periskop” filmi nümayiş olunub.
“İncəsənət” kinoteatrının açılışı Bakının mədəni mühitində mühüm hadisə idi, o, çox rahat və gözəl olduğundan, tamaşaçılar həm filmə baxır, həm də ətrafdakı mənzərəni seyr edirdilər.
1947-ci ildə kinoteatr dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi münasibətilə “Nizami” adlandırılıb.
Kinoteatrın zahiri və daxili görkəmi 1974-cü ildə dəyişdirilir. Onu çəhrayı rəngə boyayırlar. Sütunların üstündə, tində isə şəbəkəli metal qlobus yerləşdirirlər, o, axşam vaxtı işıqların təsirindən müxtəlif rəng alırdı. Daha iki yeni kiçik zal: birinci mərtəbədə - qış, üstdə isə yay zalı açılır.
Təmirdən sonra “Nizami” kinoteatrda VII Ümumittifaq Kino Festivalı keçirilir. Elə sonuncu XXI Ümumittifaq Kino Festivalı da 1988-ci ildə Bakıda məhz bu kinoteatrda keçirilib.
Ötən əsrin 90-cı illərinə qədər kinoteatrda ticarət obyektləri, kafelər açıldı, otaqlar videozallara çevrildi.
2011-ci ilin noyabrında “Nizami” kinoteatrı üç illik əsaslı təmir və bərpadan sonra tamaşaçıların ixtiyarına verildi.
Birinci mərtəbədəki 80 və 50 yerlik zalların dizaynı böyük zövqlə yerinə yetirilib. İkinci mərtəbənin foyesində müxtəlif tədbir və mərasimlərin keçirilməsi üçün ideal şərait yaradılıb. 500 yerlik əsas zalda 3D formatında filmlərin nümayişi üçün Azərbaycanda ən böyük 18 metrlik ekran qurulub və 5 dildə sinxron tərcümə üçün sistem yaradılıb.