20 iyun bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Leonid Vaynşteynin xatirə günüdür.
Leonid Moiseyeviç Vaynşteyn 20 aprel 1945-ci ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, eləcə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışıb. Müxtəlif janrlarda əsərlər bəstələyib. Əsasən teatr-səhnə və simfonik musiqiyə üstünlük verib. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənib.
1967 və 1970-ci illərdə Bakı komandasının tərkibində “KVN” (Şən və Hazırcavablar Klubu) çempionu olub.
20 iyun 1994-cü ildə Bakıda vəfat edib.