24 iyun məşhur aktyor Tofiq Hüseynovun doğum günüdür.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Bir çox teatrlarda çalışıb, müxtəlif səpkili obrazlar yaradıb. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T. Mütəlibbovun "Cücələrim"ində Tülkü, N. Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J. Anuyun "Medeya"sında Şah Kreon, O. Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və başqa obrazları buna misaldır.
Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti qazandırıb.
Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat edib.