Bakıda qızlar məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, cavab müsbət olmayıb. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd göstərir: 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev çarın xanımı Aleksandra Fyodorovnanın adını daşıyan bir qız məktəbinin açılmasını xahiş edir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına diqqət yetirirdi. Tağıyevin səylərinə baxmayaraq Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılırdı. Nəticədə məktəb binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olundu. Nəhayət müsəlman qızlar məktəbi Bakıda "İsmailiyyə” binasının yanında tikildi.
Tağıyevin qızlar məktəbi binası 1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskının layihəsi əsasında inşa edilib. Bina qotik üslubda tikilib. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilib.
Məktəb 1901-ci il oktyabrın 7-dən fəaliyyət göstərməyə başlayıb.
Qızlar məktəbinin binasında 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib.
Hazırda isə burada Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu fəaliyyət göstərir.
Kamran Rza