Bakıda qonşular arasında bıçaqlanma olub.
Bakuplus.az-n əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Elşən Vəliyev (ad şərtidir) 1981-ci ildə Bakı şəhərində anadan olub. O, qonşusu zərərçəkmiş Oruc Qurbanovla onun (ad şərtidir) evində spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olarkən Oruc dincəlmək üçün Elşənin getməsini və tək qalmaq istədiyini bildirib. Buna görə qonşular arasında mübahisə baş verib.
Mübahisə zamanı Oruc Elşəni təhqir edərək iki dəfə sinəsindən yumruqla vurub. Bundan sonra ikinci qisas almaq məqsədi ilə mətbəx bıçağını götürərək onun belindən qəsdən vuraraq yaralayıb.
Nəticədə Elşən Vəliyev Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən Elşən Vəliyev ittiham üzrə özünü təqsirli bilib: “Belə bir hadisənin olmasını heç vaxt istəməmişəm. Oruc məndən yaşca böyükdür və biz eyni məhəllədə böyümüşük. Əməlimdən çox peşmanam.
Ara-sıra Orucun evində birlikdə yeyib-içirik. Həmin gün də birlikdə spirtli içki qəbul etdik. Daha sonra o, məndən evdən çıxmağımı tələb etdi. Ayaq üstündə dayana bilmədiyim üçün özümə gələn kimi evdən çıxacağımı dedim. Bu zaman Oruc mənim ailə üzvlərimə qarşı söyüş söyməyə başladı. Bir-iki dəfə onu itələyərək sinəsindən vurdum. Sonra Oruca bıçaqla xəsarət yetirmişəm. Amma özümdə olmadığım üçün bunun necə baş verdiyini bilmədim”.
Məhkəmədə zərərçəkmiş Oruc Qurbanov hadisəni danışıb: “Elşəni uşaqlıqdan bəri tanıyıram, birlikdə böyümüşük. O, bərbər kimi fəaliyyət göstərir, tez-tez üzümü və saçımı qırxdırmaq üçün onun yanına gedirdim. Heç vaxt göstərdiyi xidmətə görə məndən ödəniş almadığı üçün ara-sıra Elşəni evimə dəvət edib, birlikdə yeyib-içirdik. Hadisə günü də onu evimə dəvət etdim. Elşən danışa bilməyəcək həddə sərxoş olmuşdu. O, başını stolun üstünə qoyub, yuxuladı. Bu zaman ona “dur, çıx get evinə. Bir az sən də dincəl, mən də dincəlim” dedim. Amma getmək istəmədiyi üçün mən kobud tərzdə Elşənə “cəhənnəm ol çıx get” deyə əsəbiləşdim. Bu zaman o da stolun üstündə olan mətbəx bıçağını götürərək mənə bıçaqla xəsarət yetirdi”.
Sonda məhkəmənin qərarı ilə Elşən Vəliyev 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Fidan İlqar