“Koroğlu” metrostansiyasının çıxışında yerləşən piyada yolu Qara Qarayev prospekti istiqamətində hərəkət edən piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Bu barədə bakues.az-ın “Qaynar xətt”inə şikayət daxil olub.
Şikayətçilərin sözlərinə görə, neft kəmərlərinin üzərindən salınan keçid təhlükəsizlik standartlarına cavab vermir. Xüsusilə də axşam saatlarında keçiddən istifadə olunması daha təhlükəli olur. Çünki ərazidə işıqlandırma sistemi yoxdur, xəbərdarlıq nişanları isə yox dərəcəsindədir. Belə olan halda uşaqların, yaşlıların və fiziki məhdudiyyətli vətəndaşların keçiddən istifadəsi daha da çətinləşir.
“Axşam saatlarında buradan keçmək çox qorxuludur. İşıq yoxdur, ayağın ilişib yıxıla bilərsən. Neft kəmərinin üzərindən getmək məcburiyyətindəyik. Bu, hər an partlayış və ya qəza ilə nəticələnə bilər”, – deyə ərazidə yaşayan sakin bildirib.
Sakinlər aidiyyəti qurumların bu keçidin təhlükəsizliyi ilə bağlı tədbirlər görməsini və piyada keçidinin işıqlandırılmasını tələb edirlər.
Mövzuya aid videogörüntüləri təqdim edirik: