Ölkədə bələdiyyə seçkisi keçirilir.
Bakuplus.az bu münasibətlə Bakıda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı məlumatları oxuculara təqdim edir.
Bakı şəhərində ilk dəfə yerli özünüidarəetmə orqanı olan Bakı şəhər dumasına seçkilər 1878-ci il keçirilib. Duma üzvlüyünə namizədlik üçün məhdudiyyətlər və bıra sıra şərtlər vardı. Sənayeçilər, tacirlər, fabrik, gəmi sahiblərinin seçilmək şansı daha çox idi. Məhdudiyyətlər səbəbindən yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər ziyalı yerli əhalini təmsil etmək hüququ əldə etmişdilər. Bakı varlılarından isə H.Z.Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları duma üzvü kimi seçilmişdilər.
Ancaq Bakıda bələdiyyə fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır. 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edilib və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstərməyə başlayıb.
Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi isə ilk dəfə məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa başladı.
Növbəti bələdiyyə seçkiləri 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilib.