Bakıda çox sayda məşhur nəsil yaşayıb ki, onlardan biri də yəhudi əsilli Vaynşteynlərdir.
İndi biz bu nəslin iki çox məşhur nümayəndəsini tanıyırıq: Hari Kasparov və Timur Vaynşteyn. Onlar əmioğludurlar.
Amma Vaynşteynlərin onlardan başqa da görkəmli, məşhur nümayəndələri var. Onların babası Moisey Vaynşteyn bəstəkar olub. O, 1906-cı ildə Bakı quberniyasında doğulub. 1930-cu ildə Musiqi Texnikumunu bitirib, 1934-cü ildə isə konservatoriyanın məzunu olub. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləyib. 1934-1937-ci illərdə Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 1940-194-ci illərdə Filarmoniyada işləyib.
Timurın atası Leonid Vaynşteyn 1945-ci ildə anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, eləcə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışıb. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük verib. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənib. Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat edib.
Bakıda doğulan Timur Vaynşteyn isə 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Rusiyanın məşhur televiziyalarında önəmli vəzifələrdə çalışıb.
Hari Kasparova gəlincə... Bakı şahmat məktəbinin yetirməsi, dünya çempionu Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının 1970-ci ildə leykozdan vəfatından sonra, erməni anası onunun soyadını dəyişərək öz soyadını verib. Bəhanəsi də o olub ki, SSRİ-də yəhudilərə münasibət yaxşı deyil, bu, sənin inkişafına mane olacaq. Bəs niyə Kasparyan yox, Kasparov? Anası düşünürmüş ki, “yan” da Harriyə mane ola bilər, ona görə də elə ən yaxşısı rus familiyasına uyğunlaşmaqdır. 18 yanvar 1990-cı il tarixdə Bakını tərk edən Kasparov “Qarabağ problemini yaradanlar Bakıdakı erməniləri düşünmədilər” desə də, sonradan həmişə ermənilərə xüsusi sevgisi, Azərbaycana və azərbaycanlılara xüsusi nifrəti ilə seçildi. Bu baxımdan onun azərbaycanlılar tərəfindən nankor adlandırılması heç də təsadüfü deyil.
Kamran Rza