Bu günlərdə Bakının bir çox kənd və qəsəbələrində Xıdır Nəbi bayramı qeyd olunur. Bu bayram vaxtilə bütün Azərbaycanda qeyd edilsə də, hazırda bir çox yerlərdə bu adət unudulub.
İlahiyyatçı, Məhəmmədi kəndinin imamı Bəşir Mansurov Bakuplus.az-a açıqlamasında bildirib ki, bu bayramın dinlə əlaqəsi olmasa da, dini şəxsiyyətlə əlaqəsi var.
Bəşir Mansurov deyir ki, Xıdır Xızır peyğəmbərin adının dəyişdirilmiş formasıdır: “Ancaq fərq etməz. Söhbət həzrəti Xızır əleyhisalamdan gedir. Nəbi də peyğəmbər, xəbər gətirən deməkdir. Təkcə Azərbaycanda yox, bir çox türkdilli xalqlarda bu bayram qeyd edilir. Amma müxtəlif vaxtlarda. Bakıda və Naxçıvanda isə bu bayram kiçik Çillənin ən orta günündə, yəni fevralın 9-da qeyd olunur. Həmin gün ilin ən soyuq günü hesab olunur. Çox vaxt da həmin gün ilin ən soyuq günü olur. Təsadüfdür, yoxsa təbiət hadisəsidir, ən gözəlini Allah bilir. Niyə Xızır peyğəmbərin adı ilə bağlıdır? Bunu bilmirik, bu barədə dəqiq söhbət yoxdur. Amma o dəqiqdir ki, Novruzdan sonra xalqımızın kütləvi və möhtəşəm şəkildə qeyd etdiyi milli bayramlarımızdan olub”.
İlahiyyatçı bildirir ki, nənəsi həmişə bu bayramı xüsusi şəkildə qeyd edib: “Nənəm həmin gün qovurğa qovururdu. Xüsusi süfrə açılırdı. Nənəm həmişə əlavə bir nimçə də qoyurdu. Biz ailədə 6 nəfər idik, nənəm 7-ci nimçəni də qoyurdu və deyirdi ki, bu, Xızır peyğəmbərin payıdır. Evi xüsusi diqqətlə təmizləyirdilər və deyirdilər ki, Xızır peyğəmbər çirkli olan evə gəlməz. Qapının ağzının təmizliyinə xüsusi diqqət yetirirdilər. Xızır peyğəmbəri gözləyirdilər doğrudan da. İslam inancına görə də, Xızır peyğəmbər sağdır, yaşayır, dara düşən insanlara köməklik göstərən ilahi şəxsiyyətdir. Həzrəti Musanın da köməyinə çatmış insan olub Xızır peyğəmbər. “Quran”da adı çəkilməsə də, haqqında danışılır. Sanki Xızır peyğəmbər evimizə gələcəkmiş kimi onun üçün də süfrə açılır, pay qoyulurdu”.
Bəşir Mansurov deyir ki, keçmişdə, ilin ən soyuq günlərində insanlar Xızır peyğəmbərin adı ilə kimsəsizləri, ehtiyacı olanları yada salarmışlar: “Soraqlaşarmışlar ki, kimdə odun qurtarıb, kimdə su yoxdur, kimin ciddi çətinliyi var. Kim darda imişsə, imkanı olan Xızır peyğəmbərdən örnək alaraq kimsəsizlərə kömək edərmiş”.
İlahiyyatçının sözlərinə görə, Xızır peyğəmbər istiliyin, Günəşin hamisi hesab olunurmuş: “Yazın gəlişi Xızır peyğəmbərin ayağının izi ilə simvolizə edilir. Xızır peyğəmbəri yazın gəlişini müjdə verən insan sayırlar. Ona görə də ilin soyuq günündə belə elan edirlər ki, Xızırın ayaq səsləri eşidilməkdədir. Yəni qış bitmək üzrədir, yaz artıq yaxınlaşmaqdadır”.
Bəşir Mansurov deyir ki, Bakı kəndlərinin bəzilərində bayram bir az fərqli qeyd olunub: “Məsələn, elə kəndlər olub ki, orda xəşil bişiriblər həmin gün. Qoyublar çölə. Sabah gəlib görsələr ki, xəşildə əl işarəsi var, deyiblər, Xızır peyğımbərin əli bu yeməyə dəyib. Belə bir inam da varmış. Bəzi yerlərdə qovurğanı çölə qoyurmuşlar. Qovurğanı da dümdüz edirmişlər ki, əl dəysə bilinsin. Bunları nənəm danışardı. Yumurtaları da günəş rəngində boyayırmışlar. Hətta bəzi yerlərdə Günəşi çağırmaq rəqsi də varmış. Xıdır Nəbi ilə bağlı el tamaşaları hazırlanırmış. Tamaşada Xıdırın adı ilə pay yığılarmış. Sonda o pay kasıb-kusuba paylanarmış. Ümumilikdə Xıdır Nəbi xalqımızın inancları ilə bağlı möhtəşəm bir bayramdır. Təməlində xeyirxahlıq, insansevərlik, humanizm dayanır. Xıdır Nəbi Günəşə sevgi bayramıdır, insanlar təbiətin oyanmasına sevinir”.
Kamran Rza