Bakı şəhəri, Pirallahı rayonu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 18 saylı şöbəsinin həkimi, 57 yaşlı Təranə Bağırova həbs edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Azxəbər-ə istinadən məlumat verir.
Həkim bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qaldırılan işin materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İttiham aktında qeyd olunub ki, həkim T.Bağırova tanıdığı bir neçə qadını aldadaraq onlardan külli miqdarda pul alıb. Bağırova həmin qadınlardan ikisinə xəstəxanada xadimə işləyəcəklərini vəd edərək hər birindən 3000 manat məbləğində pul götürüb. Başqa bir qadın Təranəyə oğlunun sürücü kimi işə düzəlməsi üçün pul ödəyib. Lakin Bağırova bütün pulları ələ keçirərək vədini yerinə yetirməyib.
Bağırovanın əməlləri ilə bağlı cinayət işi başlandıqdan sonra o, işdən çıxarılıb. Məhkəmənin hökmü ilə Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.