Xətai rayonu, NZS qəsəbəsi Rəşid Bağırov küçəsində su xəttindəki qəza ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti növbəti açıqlama verib.
Xidmətdən Bakuplus.az-a bildirilib ki, qeyd olunan ünvanda iki gün öncə su xəttində olan axıntının qarşısı alınıb:
“Lakin növbəti gün ərazidən keçən naməlum nəqliyyat vasitəsinin təsirindən xətt yenidən qəzalı vəziyyətə düşüb, sözügedən hal yenidən müşahidə olunub. Problemin aradan qaldırılması ilə bağlı sabah ərazidə qazıntı işləri aparılacaq və borunun fəaliyyəti bərpa ediləcək”.
***
12:15
Xətai rayonu, NZS qəsəbəsi Rəşid Bağırov küçəsində su xəttindəki qəzanın ciddi problemlər yaratdığı barədə məlumat vermişdik.
Bakuplus.az-a danışan NZS qəsəbəsi sakinləri bildirmişdilər ki, küçəni su basıb, bu isə öz növbəsində xoşagəlməz mənzərə yaradır, piyadaların və avtomobillərin hərəkətində çətinliklər olur. Şikayətçilər demişdilər ki, problem bir neçə gündür yaransa da, tədbir görən yoxdur.
Saytımız bu məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərmiş və bizə məlumat verilmişdi ki, rayon sukanal idarəsinin əməkdaşları həmin ərazidə olublar, tullantı su xəttində olan tıxanma, su xəttindəki qəza aradan qaldırılıb.
Ola bilsin ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları doğrudan da qəzanı aradan qaldırıblar. Ancaq sözügedən ərazidə xoşagəlməz mənzərə hələ qalmaqdadır. Küçə yenə suyun içindədir. O da mümkündür ki, xidmətin əməkdaşları heç bir iş görməyib, sadəcə mərkəzə problemi həll etdikləri barədə yalan məlumat veriblər, məhz buna görə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bizə bildirilib ki, hər şey yoluna qoyulub. Yoxsa Azərbaycan jurnalistikasında qocaman simalardan olan, hazırda sözügedən qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Ceyhun Musaoğluna nə düşmüşdü ki bizi aldatsın?!