3 yanvar Azərbaycanın ilk pianoçu-pedaqoqu, professor, Azərbaycan SSR xalq artisti Kövkəb Kamil qızı Səfərəliyevanın doğum günüdür.
Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olub. Eyni vaxtda o həm də fortepiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirib. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.
1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır.
Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konservatoriyasının fortepiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq, sonra isə xüsusi fortepiano sinfinin pedaqoqu kimi.
Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım artıq heç kimlə ailə həyatı qurmayıb.
Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, həmin tədris müəssisəsinin professoru olub.
Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olub.
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
1985-ci il iyunun 27-də 78 yaşında Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.
Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin mərkəzi hissəsində adına küçə vardır (küçə Üzeyir Hacıbəyov küçəsi ilə kəsişir).