Nəriman Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən piyada səkisi bir müddət əvvəl tikinti işləri aparıldığı üçün dağıdılıb. Daha sonra tikinti işləri yekunlaşsa da, səki əvvəlki vəziyyətinə qaytarılmayıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə idtinadən məlumat verir.
İndi buradan keçən vətəndaşlar toz-torpaqda hərəkət etməyə məcburdurlar. Buradan istifadə etmək istəməyənlər isə yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxırlar.
Bununla yanaşı, səki üçün ayrılan hissədə qaz boruları və “Azəriqaz”ın qurğuları quraşdırılıb. Bu səbəbdən səki ilə hərəkət etməyə çalışan insanlar da avtomobil zolağına çıxmağa məcburdurlar.
“Sizin mənzil” MTK-nın nümayəndələri dağıdılan piyada səkisi ilə bağlı söz verirlər ki, problem həll olunacaq.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, bu kimi hallar piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinə risk yaradır. Bu kimi faktlar inzibati məsuliyyət yaradır. Müvafiq qurumlarla birgə bu cür qanuna zidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür.