Nərimanov rayonunda su sərfiyyatına qarşı yoxlama aparılıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
6-cı köndələn küçəsində bir avtoyuma məntəqəsi, kafe və kirayə yaşayış evlərinin su təchizatı sistemlərinə baxış keçirilib. Məlum olub ki, bu obyektlərin içməli sudan istifadəsi üçün müqaviləsi və 2 ədəd sayğacı var. Lakin obyekt sahibi sayğacdankənar xətt çəkərək uçotdan yayınıb. Bununla əlaqədar əvvəllər su təchizatı dayandırılsa da, sahibkar qonşu obyektin xəttinə qanunsuz müdaxilə edərək suyun talanmasını davam etdirib.
Əliyar Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evində də sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Yaşayış evinin su təchizatı sisteminə qoşulması üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb.
Qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. Cari ilin ötən dövründə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Nərimanov rayonunda 9 fakt aşkarlanıb.