Bakı şəhərinin Nərimanov rayonu ərazisində Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin üzərində bərpa-təmizləmə işləri aparılır. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
İşlər “Abidələrə qayğı – Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və bərpası” layihəsi çərçivəsində keçirilir.
Təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və 2019-cu ildə ucaldılan heykəlin ilkin vəziyyətinə qaytarılması üçün onun təmizlənmə prosesinə başlanılıb. Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılır və sonrakı mərhələdə qaydalara uyğun olaraq, tonlama prosesi başlanılır. Bundan sonra heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək.