Pirallahı rayonunun Gürgən qəsəbəsi sakinlərinin üzləşdiyi problem odur ki, uzun illər suya təşnə olan suvarma kanalına su verilməyə başlanılıb. Nəticədə problemlər yaranmağa başlayıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Əraziyə çəkiləcək yeni su kanalının həyətindən keçəcəyini ehtimal edən Elmar Quliyev evinin söküləcəyindən narahatdır. Elmar Quliyev illərdir Abşeron suvarma kanalının Gürgən qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə yaşayır. Pirallahı Rayon İcra Hakimiyyətindən (RİH) bildirildi ki, vətəndaşın narahatlığına əsas yoxdur. Qəsəbədə heç kimin evi sökülməyəcək.
“Vətəndaşlara məxsus hansısa bir özəl mülkiyyətdə olan əmlakın sökülməsi müzakirə mövzusu deyil. Aydın məsələdir ki, bunun üçün aidiyyəti qurumların qərarı lazımdır. Və o qərar olmadığı müddətdə heç bir söküntü işindən söz gedə bilməz”, - RİH-dən bildirilib.
Su kanalı 10 ildən çoxdur işlək vəziyyətdə olmayıb. Bu yay kanala su verilməsinə başlanıb. Nəticədə kanaldakı tullantıları su qəsəbəyə qədər gətirib çıxarıb. Bu da ətrafda antisanitar vəziyyət yaradıb.
Bu ətrafda yaşayan sakinlər artıq uzun müddətdir ki, evlərinin bir addımlığından keçən bu suvarma kanalının yaratdığı problemdən əziyyət çəkirlər.
Pirallahı rayon mənzil kommunal təsərrüfat birliyindən bildirildi ki, daxili gücləri hesabına kanalın bir hissəsində təmizlik işləri aparılıb. Gün ərzində Abşeron suvarma sistemləri idarəsinin xüsusi texnikaları əraziyə cəlb ediləcək və kanaldaki məişət tullantıları sabahadək təmizlənəcək. Abşeron suvarma sistemləri idarəsindən isə dedilər ki, su kanalının mühafizə zolağına müdaxilələr edilərək, qanunsuz hasarlar çəkilib. Həmin hasarlar sökülməlidir.