29 yanvar dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.
Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda dünyaya göz açıb.
O, futbolçu karyerasına 1940-cı ildə başlayıb. Əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından zədə aldığı üçün futbolçu karyerasına erkən son qoyub.
Ancaq futboldan tamam uzaqlaşmayıb.
1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan Bəhramov 1964-cü ildən beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
İki beynəlxalq oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib.
Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.
Azərbaycanlı idman ustası 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
İngilis yazıçısı Artur Hopkraft məşhur “Futbol adamı” kitabını Bəhramova həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Ölkənin ən böyük idman arenalarından biri – Bakıdakı Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.
Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.