7 mart Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri hesab olunan Ruslan Abdullayevin doğum günüdür.
Ruslan Abdulla oğlu Abdullayev 1944-cü il martın 7-də Bakıda anadan olub.
Peşəkar futbolçu karyerasına 19 yaşında Bakının “Neftçi” komandasında başlayıb. 1963-1965, 1967, 1969-1972-ci illər ərzində komandanın heyətində 89 oyun keçirib, 14 qol vurub. Futbolçu karyerasını 1972-ci ildə “Neftçi”də də bitirib.
Daha sonra elə “Neftçi”də də məşqçiliyə başlayıb. 1978-1979-cu illərdə baş məşqçi Gennadi Bondarenkonun köməkçisi işləyib. 1984-1986, 1989-1990, 1997-1998-ci illərdə “Neftçi”nin baş məşqçisi və məşqçisi vəzifələrində çalışıb.
Ruslan Abdullayev həyat yoldaşının ölümündən 40 gün sonra 30 yanvar 2002-ci ildə insultdan vəfat edib.