Son günlərdə ölkədə insanlar arasında qızdırma, boğaz ağrısı ilə müşahidə olunan xəstəlik yayılıb. Xəstəliyin əsas əlaməti adi qrip kimi olsa da, daha sonra ishal meydana çıxır. Daha çox böyüklər arasında yayılan virusa azyaşlıların da yoluxması qeydə alınıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bakuplus.az-a əhali arasında qeydə alınan infeksion xəstəliklər barədə açıqlama verib.
Onun sözlərinə görə, hazırda az da olsa, mövsümi qripə və yeni koronavirusa yoluxma hallarına rast gəlinir:
“Hər mövsümdə müxtəlif virus və bakterial infeksiyalar mütəmadi olaraq yayılır. Kataral və mədə-bağırsaq əlamətləri ilə keçən viruslara adenovirus, rotovirus infeksiyaları və başqaları aiddir. Hazırda az da olsa, mövsümi qripə və yeni koronavirusa yoluxma hallarına rast gəlinir. Virus infeksiyalarına yoluxma zamanı müalicə əsasən simptomatik aparılır və antibakterial preparatların işlədilməsi təbii ki, effektiv olmur və ziyanlıdır. Mövsümi meyvələrdən hansısa virusun insana keçərək bu tip xəstəlik törətməsi yanlış fikirdir”.
Fidan İlqar