Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Report.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı və Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova ifadə veriblər.
Şahid Mircəlal Kazımının sözlərinə görə, xəstəxanaya ödənişlər rəsmi şəkildə həyata keçirilib:
"Aysel Məmmədova ilə xəstələrə kömək olunması ilə bağlı telefon danışıqlarımız olurdu. Müqaviləni Mərkəzi Gömrük Hospitalı ilə "Urmed help" şirkəti bağlamışdı. Müqavilə bağlananda mən iştirak etməmişəm".
Prosesdə Mircəlal Kazımı ilə Aysel Məmmədova arasındakı telefon danışığı dinlənilib.
Belə ki, Aysel Məmmədova həkim ilə danışan zaman Mircəlal Kazımıyə polisin ondan izahat götürdüyünü bildirib. O, telefon əlaqəsi zaman həkimə onun və Tariyel doktorun adlarını da izahatında qeyd etdiyini deyib.
Səs yazısına münasibət bildirən Mircəlal Kazımı deyib ki, Aysel Məmmədova ilə telefon danışığı zamanı o, yalnız xəstələrlə bağlı narahatlığını bildirib.
Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması ilə bağlı vəsatət veriblər.
Məhkəmə vəsatəti rədd edib. Hakim Azad Məcidov bildirib ki, bəzi adamlar məhkəməyə çağırılanda gəlmirlər:
"Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılsa belə gəlmirlər. Həmçinin gələn adamlar da yeni bir şey danışmırlar. Ona görə də əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur".
Həmçinin prosesdə hakim Azad Məcidov sənədlərin tədqiqi mərhələsinə keçildiyini bildirib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.
Məlumat əsasında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.
Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.