Tbilisi prospektində Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Araz” marketin arasında olan yerüstü piyada keçidinin hər iki tərəfindəki eskalatorlar işləmir.
Bu barədə Bakuplus.az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, artıq 2 həftədir eskalatorların fəaliyyəti dayanıb:
“Eskalatorun yuxarı qalxan hissəsi işləyir. Ancaq aşağı istiqamətdə enmək üçün gərək pilləkəndəki kimi düşəsən. Bu da çox çətindir. Şəhərin bəzi yerlərində də belə hallarla rastlaşırıq. Sanki vəsaitlərə qənaət edirlər. Düşünmürlər ki, əlillər və fiziki məhdudiyyətli vətəndaşlar bu eskalatorlardan düşüb-qalxa bilmir. Yolu piyada keçidi olmadan keçmək həyatımızı təhlükəyə atmaq deməkdir”.
Şikayətçi bildirib ki, liftlərdə də vəziyyət eynidir və ilin çox vaxtı onlar da işləmir.
Məsələ ilə bağlı Bakuplus.az əməkdaşı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Hələlik heç bir cavab əldə etmək mümkün olmayıb.