Röya Ayxanın Kanna səfəri və qırmızı xalıda görünməsi ilə bağlı müzakirələr səngimir. Bəziləri müğənnini təbrik edir, onun dünya şou-biznes ulduzları arasında görünməsinə sevinir, bəziləri isə ifaçının festivala dəvət almasına şübhə ilə yanaşır.
Əslində Kann Film Festivalı bir biznesdir. Əgər sizin vəsaitiniz və əlaqələriniz varsa, ora asanlıqla gedə bilərsiniz. Onu da qeyd edək ki, bundan əvvəl qırmızı xalıda bir çox azərbaycanlı təmsilçilər olub.
Bunlardan biri məşhur model Züleyxa Akçurinadır. Son günlərdəki söz-söhbətdən sonra model öz arxiv görüntülərini şəxsi “Instagram” hesabında paylaşaraq bunları yazıb:
"2003-cü il, 56-cı Kann Film Festivalı. Azərbaycanlı fotomodel Züleyxa Akçurina qırmızı xalıda eksklüziv "Qızıl Palma" libasında...".
Bunun ardınca isə Akçurina dünya ulduzları, kral ailələrinin nümayəndələri və biznes elitası ilə fotolarını paylaşıb. O, həmçinin mediaya irad bildirib:
"Birinci", "ikinci", "növbəti" anlayışlarından istifadə etmək düzgün deyil. Azərbaycanın şanlı adını xaricdə, xüsusən də "A" dərəcəli kinofestivalda təmsil etmək özlüyündə bir mükafatdır. Hər kəsə nəsib olmur..."
“Siz Kannda neçə dəfə olmusunuz?” sualına isə Züleyxa gülərək belə cavab verib: “Mən orada yaşayırdım! Neyləmək olar, bütün bunlar rəqəmsal dövrdən əvvəl baş verib!".