Xətai rayonu, Xaliq Əzizzadə küçəsinin sakinləri bir neçə dövlət qurumundan şikayətçidir.
Bakuplus.az redaksiyasına müraciət edən şikayətçilər bildirir ki, artıq uzun müddətdir küçələri acınacaqlı vəziyyətdədir:
“Burada - Dənizçilik Məktəbinin yataqxanası ətrafında, son zamanlar açılmış avtoservis və avtoyuma məntəqələri, ət mağazaları və dönərxanalar səkiləri zəbt ediblər. Ərazidə səliqə-sahman və təmizlik demək olar ki, tam pozulub.
Nəticədə sakinlər bu küçə ilə ümumiyyətlə hərəkət edə bilmirlər. Müxtəlif obyekt sahibləri səkiləri qanunsuz şəkildə zəbt etsə də, buna nəzarət etməyə borclu olan rəsmi qurumlar faktiki olaraq yoxa çıxıb”.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə, Mənzil İstismar Sahələrinə (MİS), Şəhərsalma və Arxitektura Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər aidiyyəti qurumlara müraciətlər edilsə də, heç bir faydası olmayıb.