İyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.
Mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova qafqazinfo.az-a açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.
Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib: “Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.