Pirallahı rayonu, Kamil Rzayev küçəsi, 29/40-cı məhəllədə abidə sökülərək yerində anbar tikilib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Bildirilir ki, insanların sevimli parkında yerləşən və faşizm üzərində qələbə çalan qəhrəmanların xatirəsinə ucaldılmış abidə sökülüb və əvəzində anbar inşa edilib. Bu da sakinlərin narazılığına səbəb olub.
“2013-cü ildə heykəl söküldü, park isə baxımsız vəziyyətdə qaldı. Bura bizim sevimli yerimiz idi. Gül dəstələri gətirirdik, bayram günü əsgərlər, millət gəlirdi. İndi isə heç nə yoxdur”, – deyə sakinlər bildirirlər.
Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bildirib ki, sözügedən abidə Baş plana uyğun olmadığından sökülüb. Obyekt isə Mənzil Kommunal Təssərüfatı Birliyinin anbarıdır.
“Abidə qəzalı vəziyyətdə idi. Onun əvəzinə “Vətən uğrunda” abidə kompleksi inşa olunub. İnsanlar həmin kompleksi ziyarət edə bilərlər”, – deyə o əlavə edib.