Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür:
“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir”.
***
30 aprel 11:29
Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.
Bakuplus.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
DİN sözcüsü qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:
"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlanın özünü qəsdən nəqliyyat vasitələrinin altına atması əks olunub.
***
10:38
Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vasitələrinin altına atır.
Bu barədə qafqazinfo.az-a görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.
Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.
Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.
Sözügedən görüntüləri təqdim edirik: