Bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 12 il ötür. O, bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.
1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edib.
Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alıb. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalıb. Onu həbs edib Sibirə sürgünə göndəriblər.
1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilib, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün ediblər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayıb.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib.
Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilib və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olub.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdıb.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırıb və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilib.
Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənib. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı T.Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.
2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal", 2010-cu ilin avqustunda isə "Şərəf" ordenləri ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.
Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib. Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra, 3 iyul 2013-cü ildə Parisin Passi məzarlığında dəfn edilib.