Bu gün mərhum Əməkdar artist Zöhrə Abdullayevanın anım günüdür.
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Yavər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.
Əvvəl “Lalə” qızlar ansamblının, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib.
Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub. 2000-ci ildə Bağdadda "Babil festivalı"nın diplomuna layiq görülüb.
Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Mərhum ifaçının bir övladı olub. Ancaq oğlu 24 may 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Bu itki müğənninin həyatına böyük zərbə vurur. O, on altı kilo arıqlayır, tanınmaz hala düşür.
Uzun sürən xəstəliklər, oğul dərdi Zöhrə Abdullayevaya qalib gəlir. Xanəndə oğlunun həsrətinə yalnız üç il dözə bilir. O, 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edir. Sənətçi Xırdalan qəbiristanlığında dəfn olunub.