Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mövcud olan dairə ləğv olunub, amma nişanlanma yoldan silinməyib. Bu səbəbdən Heydər Əliyev prospektinə və yaxud geri dönmək istəyən sürücülər çaşqınlıqla üzləşirlər. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Ağa Nemətulla küçəsində qoyulan nişan burada əvvəl olan dairəvi yolun ləğv olunduğunu göstərir. Bu nişandan sonra qoyulan digər bir nişan yolun hərəkət istiqamətinin düzünə və sağa olduğunu götərir. Amma sürücülərin əksəriyyəti hər iki nişanın tələblərini pozaraq dairəyə daxil olur və ərazidə ciddi tıxacların yaranmasına səbəb olurlar.
Dairənin ləğvini nəzərdə tutan nişanları yol kənarına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qoyub. Amma dairəni vaxtilə hansı qurum və niyə çəkib bilən və yaxud ortaya çıxaran yoxdur. Sonradan dairəvi hərəkətin effekt vermədiyini müəyyən olub və geriyə döngəni qadağan edən nişanlar qoyulub. Yerdəki dairə xətti isə olduğu kimi qalır. Geriyə dönənlərin isə başqa bir bəhanəsi yol kənarındakı nişanların tam yaxınlaşmadan görünməməsidir.
BŞDYPİ-dən bildirilib ki, bu küçədə qaydaları pozan sürücülər cərimələnirlər. Amma yol polisi təsdiqləyir ki, dairənin mövcudluğu sürücülərdə çaşqınlıq yaradır və yerdəki xətt aidiyyəti qurum tərəfindən silinməlidir.