Nərimanov rayonunda bina tikmək istəyən “Gold məkan” MMC tikinti şirkəti bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa etmək istəyir. Şirkət onlarla ailənin köçürülməsini təmin etsə də, bəzi ailələrlə razılığa gələ bilmir. Mənzilləri söküləcək sakinlərin əksəriyyəti şirkətlə nəinki razılığa gəlmək fikrindədir, hətta şirkətin ərazidə qanunsuz söküntü işləri aparması iddiasındadır. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Space Xəbər-ə istinadən məlumat verir.
Bir neçə müddət öncə sözügedən şirkət Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın köçürülməsinə başlayıb. Sakinlər şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadığı üçün mənzillərini boşaltmaq istəmirlər. İddialara görə, köçürülən sakinlər şirkətin yaratdığı süni maneələr səbəbindən mənzillərini tərk edirlər.
Ağa Neymətulla küçəsində yaşayan ailələr isə onların binasının sökülərək yerində yeni yaşayış binası deyil, yaşıllıq zolağı salınacağını iddia edirlər. Deyirlər ki, məhz bu səbəbdən mənzillərindən çıxmayacaqlar. Şikayətçilər, eyni zamanda “Gold məkan” MMC-nin tikdiyi binaların keyfiyyətsiz olduğunu iddia edərək, qarşı tərəfin heç bir təklifi ilə razılaşmırlar.
“Gold məkan” MMC-nin iş icraatçısı Azər Eyvazov sakinlərin iddialarının əsassız olduğunu və layihədən kənara çıxmadan ərazidə aparılan işlərin qanunla həyata keçirildiyini deyir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, qeyd edilən ərazidə tikintiyə icazə üçün komitəyə rəsmi müraciət daxil olub. Hazırda ərazi planlaşdırılma layihəsinə baxılır.