Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən yaşayış kompleksinin sakinləri yolda çəkilən qoşa xətdən narazıdırlar. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Sözugedən ərazidə yerləşən 1250 mənzillik kompleksin qarşısında qoşa xətt çəkilib. Bu da həyətə avtomobillə daxil olan sakinlər üçün narahatlıq yaradır. Vətəndaşların iddialarına görə, əvvəllər burada qoşa xətt olmayıb və onlar həyətə rahat daxil olublar. Yolların təmirindən sonra, əraziyə yeni zolaqlar çəkilib və kamera quraşdırılıb.
“Binaya daxil olmaq üçün ya qoşa xətti tapdalamalıyıq, ya da 300-400 metrdən sonra dönüb geri gəlməyə məcbur oluruq. Bizə heç bir xəbərdarlıq da etməyiblər. Hər gün camaata cərimə yazılır”, – deyə sakinlər şikayət edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı bildirilib ki, qurumun əməkdaşları əraziyə baxış keçiriblər. Gələcək zamanda həmin yolda qırıq-qırıq yol xətti çəkiləcək.