Nərimanov rayonunda 1 ailəyə görə qəzalı binanı sökmək mümkün olmur. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Rayonun Qarabağ küçəsi, 35 ünvanında yerləşən binalar qəzalı vəziyyətdədir. Bu səbəbdən də həmin tikililərin yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulub. Burada yaşayan 130 ailə ilə razılığa gəlinsə də, 1 ailə MTK-nın şərtləri ilə razı deyil.
“Ona hər şey təklif edirlər. Ev də, pul da. O isə çıxmır. Şirkət də onun nazı ilə oynayır. Biz də çöllərdə qalmışıq”, – deyə sakinlər şikayət edirlər.
Həmin ailənin üzvü olan Gülnaz Dadaşova MTK-nın təkliflərinin yalan olduğunu vurğulayıb.
MTK-dan isə məsələ ilə bağlı bildirilib ki, Gülnaz xanımla yanaşı, yaxınlıqda olan daha 2 nəfərlə də eyni problemi yaşayırlar.
“Gülnaz xanıma 5 otaqlı ev təklif olunub. Evə də gəlib baxıb, evin divar kağızlarına kimi özü seçib. Axır məqamda fikrindən döndü ki, buradan çıxmayacaq. 70 metr aralıda yaşayan daha 2 nəfərlə də eyni problem yaşayırıq. Birinin 45 kv.m sahəsi var və 500.000 AZN pul istəyir”, – deyə MTK-nın sədr müavini Xanlar Ağayev qeyd edib.