Ənənəvi inanca görə, Azərbaycanda və bəzi digər türk və müsəlman xalqlarında may ayında toy etmək bəyənilmir, çünki may ayı bədbəxtlik və “yarımçıq qalmaq” kimi yozulur. Hətta bir deyim var: “May ayında toy edən, ömrü boyu peşman olar”. İnsanlar inanırdılar ki, mayda qurulan evliliklər uzunömürlü və uğurlu olmaya bilər.
Bundan başqa, may ayı tarixi olaraq kənd təsərrüfatı işlərinin ən qızğın vaxtı olub: insanlar əkinlə, mal-qara ilə çox məşğul olduqları üçün böyük toy şənliklərinə vaxt və imkan tapmaq çətin olurdu.
Mayda toy etməyin günah və haram olduğunu deyənlər də az deyil.
Bir qisim şəxslər isə bunu inkar edir. Toy etmək üçün müəyyən bir ayı qadağan edən dini hökm olmadığını, bu düşüncənin sadəcə xalq arasında formalaşmış batil inanclar ilə əlaqələndirirlər.
Bəs, görəsən, həqiqətən mayda toy etmək günahdırmı?
Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazılar şurasının üzvü hacı Surxay Məmmədli qeyd edib ki, bu haqda nə dinimizdə, nə də ənənələrimizdə belə göstəriş və ya işarə yoxdur:
“Bu, xurafatdan başqa bir şey deyil. Bu xurafatın haradan və necə bizə keçməsi də müəmmalıdır. Bəziləri başqa xalqlardan keçdiyini deyirlər. Bəziləri isə belə bir halın may ayında bürclərin düzülüşü ilə əlaqəli olduğunu qeyd edirlər. Əkinçilik və maldarlıq dövründə olan adət-ənənələrlə, qıtlıqla da əlaqələndirənlər var.
Başqa cür bunun heç bir izahı yoxdur. Ancaq İslam dini ulduzlara görə hökm verməyi qadağan edib. İnsanı xoşbəxt edən ulduzlar yox, yalnız və ya yalnız Uca Allahdır. Bunun üçün də heç bir inanca söykənməməli, yalnız müqəddəs dinimizin buyurduğuna əməl edilməlidir. İnsanın taleyinin gözəl və bərəkətli olması üçün yalnız mütləq mülk sahibi olan Allaha güvənmək lazımdır”.
Bakuplus.az-ın əməkdaşı may ayında toy bazarında vəziyyətlə maraqlanmaq üçün şadlıq sarayları ilə əlaqə saxlayıb.
Şadlıq saraylarından birinin səlahiyyətlisi bildirib ki, toy etmək üçün müraciət edənlər var:
“Əvvəllər bu ayda toy etməyə qarşı bəzi batil inanclar səbəbindən sifarişlər az olsa da, son illərdə bu tendensiya dəyişməkdədir. Son dövrlərdə həmin inanc zəifləyib və insanlar may ayında da toy etməyə başlayıblar”.
Digər restorandan bildirilib ki, əvvəlki illərlə müqayisədə son illərdə may ayında toy edənlərin sayında artım müşahidə olunur :
“Bu göstərir ki, insanlar artıq may ayında toy etməyə daha açıq yanaşırlar və əvvəlki inanclara daha az əhəmiyyət verirlər”.
Növbəti şadlıq sarayından verilən məlumata görə, may ayında toy sifarişlərinin sayı digər aylara nisbətən azdır:
“Bu, hələ də bəzi insanların may ayında toy etməyə qarşı olan ənənəvi inanclara sadiq qalması ilə əlaqədardır. Görünür, illər keçsə də, bəzi insanların təfəkkürü dəyişməyib”.
Digər restoran səlahiyyətlisi may ayında toy etməyin daha münasib olduğunu deyir:
“Ümumiyyətlə, may ayında toy etmək istəyənlər üçün şadlıq saraylarında yer tapmaq daha asan və qiymətlər də nisbətən daha münasib ola bilər. Əgər bu ayda toy planlaşdırırsınızsa, erkən rezervasiya etməklə daha yaxşı seçimlər əldə edə bilərsiniz”.
Nəzrin Vahid