Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən görüşdə Bütün Qafqazın Şeyxi, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi Dionisi ata və başqaları iştirak edib.
Şeyxülislam həzrətləri dini konfessiyaların Məşvərət Şurasının üzvləri adından, Millət vəkili Fazil Mustafanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək, ona “Qurani-Kərim” bağışlayıb, uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən dövlət-din münasibətləri, bu münasibətlərin qanunvericilik bazası və s. müzakirə olunub.
Onu da vurğulayaq ki, bu, Fazil Mustafanın Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq, dini qurum başçıları ilə ilk geniştərkibli görüşüdür.
Sonra QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası noyabrın 5-də Bakıda keçiriləcək Dünya Dini Liderlərinin Qlobal Sammitinə hazırlıq məsələlərini müzakirə edib.