Xətai rayonu, Məhəmməd Hadi küçəsinin sakinləri yaxın ətrafda yerləşən obyektlərin (market, restoran və s.) elektrik kabellərinin binaların elektrik lövhəsinə birləşməsindən şikayətçidir. Bildirilir ki, bu zaman həmin avadanlıqlar normadan artıq yüklənir və bu da bədbəxt hadisələrə səbəb olur.
Bakuplus.az-ın məlumatına görə, fevralın 16-da Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı yaşayış binasının 6-cı blokunda baş verən yanğının səbəbi də məhz bu olub.
Bildirilir ki, yaxınlıqda (“Həzi Aslanov” m/st. ətrafında) yerləşən obyektlərin kabelləri həmin binanın blokunda olan elektrik lövhəsinə birləşdirilib. Həddindən artıq yüklənmə nəticəsində kabellər alovlanıb.
Sosial şəbəkələrdə yayılmış məlumata görə, obyektlərə aid kabellərin binadan çıxarılması üçün sakinlər Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Amma binanın yanğın təhlükəsizliyi hələ də problem olaraq qalır. Hətta sakinlər bildirir ki, yanğının nəticələri aradan qaldırılmayıb:
“Kabelləri yenidən öz yerində calayıb bərbad vəziyyətdə - qapqara qoyub gediblər”.
Qeyd edək ki, sözügedən problemə yalnız köhnə yaşayış binalarında rast gəlinir.
Bakuplus.az məsələ ilə bağlı “Azərişıq”a sorğu ünvanlayıb.