Binəqədi rayonu, DSK yolu, 10 may küçəsinin yolları bərbad vəziyyətdədir.
Bu barədə Bakuplus.az-a qəsəbə sakinləri məlumat verib.
Yolların pis halda olması burada yaşayan insanların gediş-gəlişində və avtomobillərin hərəkətində çətinlik yaradır.
Sakinlərin dediyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələ öz həllini tapmayıb.
“Burada 2023-cü ildə kanalizasiya xətti çəkdilər. Binəqədi rayon Sukanal İdarəsi yolların görünən hissələrini qazdı. Daha sonra isə tamamlanma işləri aparılmadı. Köhnə asfalt qırıntıları ilə örtdülər. Uşaqlar, yaşlılar bu yolu gedib-gələ bilmirlər. Görürsünüz, gölməçələr yaranıb. Hələ çox yağış yağmayıb bu haldadır”, - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.