Paytaxtın Əhmədli qəsəbəsində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.
Qafqazinfo.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.
Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiraz etdiklərini bildirən şikayətçilər burada aparılacaq işlərin ağacların məhvinə, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneəyə səbəb olacağını deyiblər.
Xətai Rayon İcra Hakimiyyətindən ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.