Son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı səs yazıları yayılıb. Valideynləri qorxuya salan bu tip məlumatlar ictimaiyyətdə də narahatlıq doğurub. Hövsanda, Bakıxanov qəsəbəsində, o cümlədən bir neçə rayonda uşaqların oğurlanması barədə oxşar səsyazılar və fotolar insanları qorxuya salıb.
Əməkdaşımız məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:
“Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”.
Sara Məmmədli