Xətai rayonu 257 saylı orta məktəbin yanında olan dayanacağın yerinin dəyişdirilməsi sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Bakuplus.az-a müraciət edən şikayətçi bildirib ki, dayanacağı əvvəlki yerindən xeyli qabağa köçürüblər və üstəlik heç bir pavilyon, lövhə quraşdırılmayıb.
“Məktəbin yanında 11 nömrəli avtobusun dayanacağı var idi. Məktəblilər dərsdən çıxıb, heç bir yol keçmədən, təhlükəsiz şəkildə dayanacağa gəlib avtobusa minə bilirdilər. Son aylar burada müxtəlif obyektlər (market, restoran, çərəz dükanı və s.) tikildiyinə görə dayanacağı oradan xeyli qabağa köçürüblər. Və həmin dayanacağa çatmaq və avtobusa minmək üçün məktəblilər ikitərəfli yolu keçmək məcburiyyətində qalırlar. Bu da uşaqlarımıza təhlükə yaradır. Nəzərinizə çatdırım ki, məktəbin yanında uşaq bağçası da var”, - deyə sakinlərdən biri bildirib.
Şikayətçinin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etsə də, şablon cavablar alıb:
“Mən AYNA-ya, “Bakubus”a da yazılı müraciət etmişəm. Avtobusların dönməsi zamanı təhlükəli vəziyyət yarandığını bəhanə gətirib, növbətçi cavab verirlər. Halbuki avtobusların oradan rahat şəkildə dönməyi üçün ərazidə kifayət qədər yer var. Bu avtobus oradan 10 ildən artıqdır ki, dönürdü və heç vaxt təhlükəli hadisə baş verməyib”.
Həmçinin şikayətçi bildirib ki, ötən gün həmin yerdə - 4 yol keçidində azyaşlını avtomobil vurub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlamışıq.