Bakının Biləcəri qəsəbəsində, Teymur Yaqubov küçəsi 24-26 ünvanında yaşayan sakinlər həyətdəki işıqlandırma problemindən narazıdırlar.
Bununla bağlı sakinlər Bakuplus.az redaksiyasına müraciət ediblər.
Onların sözlərinə görə, ərazidə bir dənə də olsun işıq dirəyi yoxdur.
“Axşam saatlarında həyət zülmətə qərq olur. Hər kəs fənər işığında gəzir. Yeganə zəif işıq mənbəyi isə ərazidə quraşdırılmış Daxili İşlər Nazirliyinə məxsus müşahidə kameralarının üstündəki lampalardır”, - deyə şikayətçilərdən biri qeyd edib.
Həmçinin sakinlər bildirir ki, Biləcəridə yerləşən 20 Yanvar parkının da vəziyyəti ürəkaçan deyil:
“Parkda işıqlandırma çox zəifdir, lampalar isə köhnədir. Parkda təmizlik işləri aparılmır və natəmizlik baş alıb gedir”.
Şikayətçilərin bildirdiyinə görə, ərazi müxtəlif qurd və tarakanların məskəninə çevrilib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini tələb edirlər.