Yazıçı Məmməd Orucun “Köçürülmə” romanının yeni nəşri (Çardaq nəşriyyatı), professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” elmi əsəri və şair Vaqif Bəhmənlinin “İri planda” (Qulu Məhərrəmlinin həyat və yaradıcılıq portreti) kitabları 25 aprel 2025-ci ildə Bakıdakı “Hollivud” restoranında təqdim edilib.
Bakuplus.az xəbər verir ki, təqdimatı giriş sözü ilə açan “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri, yazıçı Səfər Alışarlı tədbiri QHT-Biznes əməkdaşlığının faydalı və yaxşı nümunəsi adlandırıb. O, təqdim edilən kitabların bədii-estetik və elmi-publisistik dəyəri haqqında danışaraq deyib ki, kitabların hər biri öz janrında Azərbaycan ədəbiyyatı, elmi və mətbuat araşdırmaları üçün mühüm əhəmiyyət daşıyır. 1948-51-ci illərdə 100 min azərbaycanlının Ermənistandakı dədə-baba yurdlarından deportasiya edilməsini böyük istedad enerjisi ilə təsvir edən Məmməd Orucun “Köçürülmə” əsəri 30 il əvvəl yazılsa da, öz aktuallığını və bədii dəyərini bu gün də itirmir. Əsərdə bütöv bir elin faciəsi rus imperiyasının müstəmləkə zülmünün bariz təzahürü kimi öz əksini tapır.
Əfzələddin Əsgərin folklor tədqiqatlarını həm elmi, həm də bədii yaradıcılıq üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən S.Alışarlı professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin oğuznamə dövrü” kitabını müasir folklorşünaslığa ciddi töhfə adlandırıb.
Vaqif Bəhmənlinin “İri planda” kitabının Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edildiyini deyən S.Alışarlı onu Azərbaycan mətbuatının realist güzgüsü kimi səciyyələndirib.