Model Razi Əliyeva sosial şəbəkə hesabında "Kubinka" adlanan ərazidə uşaq qaçırılması ilə bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, model paylaşımında hadisənin ötən gün axşam saatlarında baş verdiyini qeyd edib:
“Saat 19:00-da "Kubinka" adlanan ərazidə yerləşən yaşayış evinin oyun meydançasından uşağı qaçırmağa cəhd göstəriblər. Orta boylu, optik eynəkli adam, əvvəlcə oğlanları bir-bir yanına çağırıb, onlara meydançadan kənarda futbol oynamağı öyrətməyi təklif edib. Sonra bir qadın həmin kişiyə yaxınlaşaraq onun bu həyətə niyə gəldiyini və burada nə etdiyi ilə bağlı suallar verməyə başlayıb daha sonra həmin şəxs oradan uzaqlaşıb. 2 saatdan sonra geri qayıdan kişi həyətdən bina sakini olan qadının gözü qarşısında qızını qucağına alıb qaçmağa başlayıb, səs-küyə gələn qonşular kişinin dalınca qaçdıqları üçün o, qorxaraq uşağı yerə buraxıb və onu binanın qarşısında gözləyən avtomobilə minərək ərazidən uzaqlaşıb”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarından birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır:
“Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb. Qeyd olunan ünvan üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”.